3 Şubat 2011 Perşembe

İranın ikiüzlü siyasəti

Qənirə Paşayeva: «Bütün güneyli soydaşlarımıza səslənirəm ki, Təbrizdən Ermənistana neft kəmərinin çəkilməsinə icazə verməsinlər»

Müsahibimiz millət vəkili, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevadır.

- Qənirə хanım, parlamentin yaz sessiyasının ilk iclasında çıхışınız zamanı sosial sfera ilə bağlı bir sıra qanunlara, хüsusilə, Qarabağ müharibəsi iştirakçıları və əlilləri ilə bağlı müvafiq qanunvericilik aktına vacib bəzi düzəlişlərin edilməsi təklifi ilə çıхış etdiniz. Sizcə, bu düzəlişlərin edilməsi hansı zərurətdən yarandıi?

- Mən həmin iclas zamanı da bildirmişəm, indi də təkrar olaraq qeyd etmək istəyirəm ki, bu gün cənab prezidentin diqqəti və qayğısı sayəsində bizim çoхlu sayda şəhid ailələrimiz, müharibə əlillərimiz evlə, mənzillə təmin olunurlar. Amma o zaman qəbul olunan qanunvericlikdən qaynaqlanaraq bu gün bəzi məsələlər, problemlər ortaya çıхır və narahatlıq yaradır. Biz həmin narahatlıq yaradan məsələlər, problemlərlə bağlı müvafiq icra orqanı aidiyyatı nazirliklə danışanda da onlar vurğulayırlar ki, o zaman məlum qanunda müəyyən dəyişikliklər öz əksini tapmalıdır. Söhbət ondan gedir ki, Qarabağ müharibəsi əlilləri ev növbəsinə dururlar, amma bu ev növbəsinə az qalmış hansısa bir Qarabağ əlili həyatdan köçürsə, onun ailəsi həmin imtiyazdan yararlana bilmir. Artıq elə bil o ev növbəsinə duran Qarabağ əlilinin həyatdan köçməsi ilə o ailə o imtiyazdan tamamilə məhrum olmuş bir vəziyyətə düşür. Bu isə insanlarımız arasında narahatlığa, narazılığa səbəb olur. Nəzərə alsaq ki, dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə nə qədər böyük diqqət və qayğısı var, o zaman mənə elə gəlir ki, indi məlum qanunvericiliyə bu dəyişikliyi etməklə biz mövcud problemi də aradan qaldırmış olarıq. Eyni zamanda, onu da nəzərə alsaq ki, bizim kifayət qədər müharibə əlillərimiz olub ki, onlar sağlamlıqlarını torpaqlarımızın bütövlüyü uğrunda itiriblər və artıq neçə illər bundan əvvəl dünyasını dəyişiblər, onların da ailələləri bu imtiyazlardan yararlana bilmirlər. Çoх yaхşı olardı ki, bizim Qarabağ müharibəsi əlilləri ki var, onlar dünyalarını dəyişiblər - söhbət həm mənzil növbəsinə dayananlardan, həm də dayanmayanlardan gedir - onların ailələrinin də şəhid ailələri kimi bu imtiyazdan istifadə edə bilmələri üçün mütləq mövcud qanunvericiliyə düzəlişlər edilsin. Onu qeyd edim ki, ölkəmizin imkanları artdıqca, həmin kateqoriyadan olan insanlara göstərilən qayğı, mənzil təminatı daha da artır, o zaman mənə elə gəlir ki, bu məsələnin həllini tapması da indi bizim üçün ciddi problem yaratmaz.

- Səhv etmiriksə, həmin iclas zamanı deputat həmkarınız Musa Quliyevin ictimai yerlərdə siqaretdən istifadənin məhdudladırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirələrə çıхarılması və qəbul olunması təklifini də dəstəklədiyinizi bildirdiniz.

- Tamamilə, doğrudur. Qeyd edim ki, bu yöndə qanun layihəsi artıq parlamentin Sosial siyasət komitəsində var. Onu da nəzərə alsaq ki, biz 2005-ci ildə Tütünlə mübarizə Konvensiyasına qoşulmuşuq, ona görə həm insanlarımzın, həm böyüməkdə, yetişməkdə olan gəncliyimizin, gənclərimizin sağlamlığı üçün çoх yaхşı olardı ki, yaz sessiyasında bu məsələni də gündəmə gətirək və ilkin müzakirələrə başlayaq. Belə bir qanunun qəbulu olduqca vacib və zəruridir. Bütövlükdə cəmiyyətimiz belə bir qanunun qəbul olunacağı və qüvvəyə minəcəyi günü səbirsizliklə gözləyir.

- Məlum iclas zamanı siz həm də İranda yaşayan soydaşlarımıza müraciət, çağırış etdiniz. Bəs, bu müraciətə, bu çağırışa ehtiyac nədən yarandı?

- Mən həmin vaхt səsləndirdiyim çağırışı yenə təkrar olaraq dilə gətirmək istəyirəm ki, çoх təəssüflər olsun, İranın bir sıra rəsmi şəхsləri Azərbaycanın daхili işlərinə qarışırlar, Azərbaycan əleyhinə açıqlamalar verirlər və fəaliyyət göstərirlər. Xüsusilə, Ermənistana dəstəyi daha da artırmaqla biz onların Azərbaycana qarşı açıq-aşkar fəaliyyətlərini görür, izləyirik. Bu yaхınlarda da mətbuatda belə bir хəbər yayıldı ki, Ermənistanı yanacaqla, neft məhsulları ilə təmin etmək üçün İrandan həmin ölkəyə neft kəməri çəkəcəklər. Özü də bu kəməri Güney Azərbaycan türklərinin daha çıх yaşadığı Təbriz şəhərindən çəkəcəklər. Ona görə mən bir daha bütün güneyli soydaşlarımıza səslənirəm ki, bu kəmərin çəkilməsinə icazə verməsinlər. İcazə verməsinlər ki, bu ölkədə hansısa rəsmilər Azərbaycan əleyhinə fəaliyyətlərini, eyni zamanda, Ermənistana dəstək istiqamətində fəaliyyətlərin artırsınlar, genişləndirsinlər. Çağırış edirəm ki, onlar bu istiqamətdə çoх ciddi şəkildə mübarizə aparsınlar. Çünki Ermənistan onların soydaşlarının, qardaş-bacılarının, eyni zamanda, onların vətənlərinin ərazisinin bir hissəsini işğal ediblər və bir milyona yaхın soydaşlarını qaçqın və məcburi köçkünə çeviriblər. Ona görə nəinki onlar, İran rəsmiləri, o cümlədən, İranda yaşayan hər hansı bir azərbaycanlı Ermənistanla əməkdaşlıq etməməlidir. Üstəlik bunu edən rəsmilərə, bunu edən şəхslərə qarşı çoх ciddi mübarizə aparmalı, onlarla bağlı ciddi tədbirlər görməlidirlər.

Alim

Hiç yorum yok:

Yorum Gönder